Cümşüd Zülfüqarlı
Cümşüd İsmayıl oğlu Zülfüqarlı (30 yanvar 1905, Naxçıvan – 12 dekabr 1982, Bakı) — professor (1961), kimya elmləri doktoru (1963), Azərbaycan Milli Elmlər Akademiyasının müxbir üzvü (1968), Azərbaycan Respublikası əməkdar elm xadimi (1971). Azərbaycanın keçmiş xarici işlər naziri, Latviya və Estoniyadakı fövqəladə və səlahiyyətli səfiri olmuş Tofiq Zülfüqarovun əmisi olan Cümşüd Zülfüqarlı 1941-1945-ci illərdə Böyük Vətən müharibəsi iştirakçısı olmuşdur.
== Fəaliyyəti ==
1950-ci ilədək Müharibədən sonra Azərbaycan Milli Elmlər Akademiyasının Neft İnstitutunda laboratoriya müdiri
1951–1952-ci ildə Azərbaycan Dövlət Unversitetində (indiki BDU) kimya fakültəsinin dekanı ,1957-1982-ci illərdə qeyri-üzvi kimya kafedrasının müdiri vəzifələrində işləmişdir.
Tədqiqatları neftdə, orqanizmlərdə, torpaqda, müxtəlif tipli çökmə süxurlarda, lay sularında mikroelementlərin yayılma qanuna-uyğunluqlarının aşkara çıxarılmasına həsr edilmişdir.
Buruq sularından yod alınmasının yeni üsulunu təklif etmiş, alunitin emalı məhsullarından sulfat turşusu alınması texnologiyasının təkmilləşdirilməsi yollarını göstərmiş, ana dilində kimya terminologiyasının yaranması işinə, kimya elminin tədrisi üsullarının təkmilləşdirilməsinə xüsusi diqqət yetirmişdir.
300-dən çox elmi əsərin müəllifidir. Elmi-pedaqoji kadrların hazırlanmasında xidməti var.1966–1967-ci illərdə Almaniya Demokratik Respublikasında, 1974-cü ildə Yaponiya, 1977-ci ildə Şotlandiya, Suriya və Çexoslovakiyada beynəlxalq konfrans və konqreslərdə məruzələr etmişdir.
"Qırmızı Ulduz" ordeni ilə təltif edilmiş, SSRİ-nin və Azərbaycan Respublikasının qabaqcıl maarif xadimi fəxri adlarına layiq görülmüşdür.
== Əsərləri ==
Qeyri-üzvi kimya terminologiyası, B., 1939;
Azərbaycanca üzvi kimya terminologiyasının prin-sipləri haqqında, B., 1941;
Qeyri-üzvi kimya praktikumu, B., 1979;
Распространение микроелементов в каустобиолитах, организмах, осадочных породах и пластовых водах, Б., 1960.