Elxan Zülfüqarov (29 iyun 1954, Hoğa, Qaryagin rayonu – 5 yanvar 1994, Şükürbəyli, Füzuli rayonu) — Azərbaycan kəşfiyyatçısı, Kapitan, Azərbaycanın Milli Qəhrəmanı, Birinci Qarabağ müharibəsi şəhidi.
Elxan Zülfüqarov | |
---|---|
Elxan Qaçay oğlu Zülfüqarov | |
Şəxsi məlumatlar | |
Doğum tarixi | 29 iyun 1954 |
Doğum yeri | |
Vəfat tarixi | 5 yanvar 1994 (39 yaşında) |
Vəfat yeri | |
Vətəndaşlığı | |
Hərbi fəaliyyəti | |
Rütbəsi | kapitan |
Döyüşlər | |
Təltifləri |
Elxan Zülfüqarov 29 iyun 1954-cü ildə Füzuli rayonunun Üçbulaq kəndində anadan olmuşdur. 1969-cu ildə Bünyad Sərdarov adına 1 saylı məktəbin səkkizinci sinfini bitirmişdir. Daha sonra Yevlax rayonunda orta təhsilini davam etdirmişdir. 1971-ci ildə texnikuma daxil olmuşdur. 1972-ci ildə hərbi xidmətə çağırılmışdır. 1974-cü ildə Ukrayna SSR-də xidmətini başa vurmuş və yarımçıq qalmış təhsilini davam etdirmişdir. 1975-ci ildə təyinatla Novosibirsk şəhərinə göndərilmişdir. Milis işçisi olaraq fəaliyyətə başlamış, baş leytenant rütbəsi almışdır.
1988-ci ildə Qərbi Azərbaycandan azərbaycanlıların deportasiya edildiyini və Qarabağ hadisələrinin başlandığını bilən kimi Azərbaycana qayıtmışdır. 1992-ci ildə könüllü olaraq Milli Orduya qoşulmuşdur. Laçın, Qubadlı, Zəngilan, Füzuli rayonlarında gedən döyüşlərdə iştirak etmişdir.
Onu "Edik" kimi tanıyan ermənilər başına mükafat qoymuşdular. 40-dan çox hərbi əməliyyatda iştirak etmişdir. Qısa müddətdə ona kapitan rütbəsi verilmiş və kəşfiyyat qrupunun komandir müavini vəzifəsinə təyin olunmuşdur.
Erməni, rus dillərini səlis bildiyi üçün ən mühüm məlumatlar əldə etməyi bacarırdı. 4 yanvar 1994-cü ildə kəşfiyyat zamanı əldə etdiyi məlumatlar sayəsində 19 kənd azad edilmiş, düşmənin onlarla canlı qüvvəsi məhv edildikdən sonra saysız silah-sursat, ağır hərbi texnika ələ keçirilmişdir.
Elxan Zülfüqarov 5 yanvar 1994-cü ildə Şükürbəyli kəndi uğrunda gedən döyüşlər zamanı qəhrəmancasına şəhid olmuşdur.
Ailəli idi, dörd övladı qalıb.
Azərbaycan Respublikası prezidentinin 16 sentyabr 1994-cü il tarixli 203 saylı fərmanı ilə Zülfüqarov Elxan Qaçay oğlu ölümündən sonra "Azərbaycanın Milli Qəhrəmanı" adına layiq görülmüşdür.
Bakı şəhərinin Şəhidlər xiyabanında dəfn edilib.