ĞİNA
musiqi, nəğmə oxumaq, ifa etmək kimi mənalarda istifadə edilir.
Musiqinin hökmü barəsində müsəlman ilahiyyatçılarının arasında ixtilaf olmuşdur.
Onlardan bir qisim hər növ musiqini haram kimi qəbul etmişdirlər. Onlar buna dəlil kimi peyğəmbərin bir neçə hədisini misal gətirirdilər. Digərləri isə onu məkruh qəbul edərək bir neçə hədisi dəlil kimi göstərirdilər.
Musiqini haram və məkruh qəbul edənlər hesab edirlər ki, musiqinin törətdiyi sıxıntılardan biri də ürəklərdə Allahdan ayrılıq duyğusunun inkişaf etdirilməsidir. Buna görə də, musiqi düşkünü Allahdan uzaqlaşar, günaha meyl edir. Ancaq ilahiyyatçılara görə hər melodik səs də musiqi hesab edilmir.
Məsələn, gözəl səslə oxunan azan və yaxud Quran ayələri musiqi deyil, gözəl avazla oxunan bir ibadətdir. Onlara görə musiqi insanda mənfi istəkləri oyandıran melodiyalardır. Bəzi ilahiyyatçılar isə musiqi alətləri ilə müşayiət edilməyən musiqinin oxunmasını, eləcə də haram və məkruh işlərin görülməsinə sövq etməyən musiqini mübah hesab etmişdirlər.