ƏSHABÜL-QARYƏ
Allahın peyğəmbərlərini tanımayan, onlara hörmət bəsləməyən müəyyən bir yerin sakinləri olmuşdurlar. Rəvayətlərə görə bu yer Antakyadır (Antioxiya). Oraya Allah öncə iki, daha sonra bir peyğəmbər göndərmişdir. Bu peyğəmbərlər Allahın göndərdiyi elçilər olduqlarını bildirdikdə, Əshabül-Qaryə onları rədd etmişdir (Quran, 36: 15). Bundan sonra onlar peyğəmbərləri daşlayaraq qorxutmaq istəmişdirlər. Rəvayətlərə görə Həbib Nəccar adlı bir şəxs onlara yaxınlaşmış və Allaha iman etmələrini istəmişdir. Azğınlaşmış qövm isə onu daşqalaq edib öldürmüşdürlər.
Allah isə onu cənnətlə mükafatlandırmışdır (36: 26-27). Bundan sonra Allahın peyğəmbərləri onlardan üz döndərmişdir.
Sonra isə Allah onları cəzalandıraraq məhv etmişdir (Quran, 36: 29). Bu hadisə ilə əlaqədar müxtəlif fikirlər vardır. Bəzi təfsirçilərə görə burada İsa peyğəmbərin həvarilərindən söhbət gedir. Digərləri isə bunu məcazi və ya nəsihət xarakterli bir hadisə kimi dəyərləndirirlər. Onlara görə Əshabül- Qaryə üç peyğəmbəri (Musanı, İsanı və Məhəmmədi) tanımamışdır.