Altuntəpə
Altuntəpə ― Türkmənistanın cənubunda Miana kəndi yaxınlığında Eneolit və Tunc dövrlərinə aid arxeoloji abidə.
1965–1975-ci illərdə V.M.Massonun rəhbərlik etdiyi ekspedisiya Altuntəpəni tətqiq etmişdir. Aşağı təbəqələrdən e.ə. V–IV minilliklərdə yaşamış oturaq əkinçi maldarlara aid yaşayış məskəninin qalıqları; möhrəpalçıq evlər, naxışlı keramika məmulatı, gildən düzəldilmiş insan və heyvan fiqurları, daş qablar, mis məmulat və s. aşkar edilmişdir. Altuntəpə e.ə. III minilliyin əvvəllərində ərazisi təqribən 46 hektara çatan iri yaşayış məskəninə çevrilmişdi. Altuntəpədə sənətkarlıq sahələri intensiv inkişaf etmişdi. Dulus çarxında hazırlanan keramika məmulatı ikiyaruslu xüsusi kürədə bişirilirdi. Arsenli və qurğuşunlu tuncdan hazırlanmış əşyalar, o cümlədən qablar geniş yayılmışdı.