Amazonlar
Amazonlar (yun. "amazones") — yunan mifologiyasında Kiçik Asiyada, Qafqaz dağlarının ətəklərində və ya Azov dənizi ətrafında məskunlaşmış döyüşkən qadınlar qəbiləsi. Amazon" adı, guya, kamandan ox atmağın asan olması üçün qızların sol döşlərinin yandırılması adətindən meydana gəlib. Amazonlar bütün vaxtlarını döyüşlərdə keçirir, ox-kaman, döyüş baltası, yüngül qalxanla silahlanır, özlərinə də dəbilqə və paltarlar düzəldirmişlər. Amazonlar qonşu tayfaların kişiləri ilə nəsli davam etdirmək naminə nikaha girir və bu zaman doğulan oğlanları öldürür (ya da atalarına verir), qızları isə özlərinə götürürmüşlər. Tarixçilərin fikrincə, amazonlar haqqındakı əfsanələrdə və onların Olimpiya qəhrəmanları (Herakl və b.) ilə mübarizələrində matriarxat dövrü əks olunmuşdur. Roma tarixçilərinin söylədiklərinə görə, e.ə. 65-ci ildə Pompeyin başçılığı ilə romalıların Kozisin başçılıq etdiyi albanlara qarşı savaşında albanların tərəfində həm də alban qadınları iştirak edirdilər. Əsir götürülmüş alban döyüşçüləri arasında çoxlu yaralı qadın da var idi. Alban qadınlarının igidliyi romalıları heyran etmişdi.