Aminturşular
Aminturşu tərkibində amin (–NH2) və karboksil (–COOH) funksional qrupları olan üzvi birləşmə qrupudur. Ümumilikdə, 500-ə qədər aminturşu növü bilinməklə yanaşı, bunların ancaq α-aminturşu olan, təxminən 20 ədədi bioloji olaraq əhəmiyyətlidir.
== Quruluş ==
Hər bir aminturşu molekulunda 4 əvəzedicilə birləşmiş karbon atomu vardır. Bu əvəzedicilərdən biri hidrogen atomu, digəri isə COOH qrupudur. Sonuncusu asanlıqla H+ ionunu itirdiyindən bu birləşmələr turşu xassələri göstərə bilir. Üçüncü əvəzedici NH2 qrupu və nəhayət, dördüncü əvəzedici ümumi şəkildə R ilə işarə olunan atomlar qrupudur. Bütün aminturşularda R-qrupları müxtəlifdir və hər birinin özünün məxsusi və mühüm rolu vardır. Bir aminturşunu digər aminturşudan fərqləndirən "muncuqların" xassəsi R-qruplarından (onları həm də yan zəncirlərdə adlandırırlar) asılıdır. O ki qaldı COOH qrupuna, üzvi kimyaçılar ona böyük hörmətlə yanaşırlar: karboksil qrupundan uzaqlığına görə digər karbon atomlarına işarələr verilir. Karboksil qrupuna birləşmiş atom α-atom, ikincisi β-atom, sonrakı γ-atom və s.