andraqogika
androgenetik
OBASTAN VİKİ
Androgenez
Androgenez (yun. νήράνδρός – kişi + … genez) – orqanizmin mayalanma prosesində yalnız spermatozoidlə yumurtahüceyrəyə düşən erkək nüvə hesabına inkişaf etməsi; dişi nüvə erkək nüvə ilə birləşmədiyinə və inkişaf prosesində iştirak etmədiyinə görə məhv olur. Bu halda yalançı mayalanma baş verir. Androgenez nəticəsində əmələ gələn nəsillər yalnız ata irsinin əlamətlərini saxlayır. Yumurtanın inkişafı bir erkək xromosom dəstinin, yaxud iki erkək xromosom dəstinin iştirakı ilə baş verir. Dişi nüvəsini itirmiş mayalanmış yumurta fraqmentinin inkişafı–meroqoniya androgenezin xüsusi bir halıdır. Təbiətdə androgenez müstəsna hallarda bəzi həşəratlarda və bitkilərdə müşahidə edilir. Androgenezi süni surətdə yaratmaq mümkündür. Bunun üçün yumurtanın nüvəsi mayalanmada iştirakdan mexaniki, fiziki və kimyəvi təsirlərlə təcrid edilməlidir. Süni androgenez bitkilərdə (buğda, qarğıdalı, arpa, kartof) və heyvanlarda seleksiya prosesini sürətləndirmək üçün tətbiq edilir.