Antiterror əməliyyatı (sentyabr, 2023)
Qarabağda döyüşlər — 19 sentyabr 2023-cü ildə, səhər saatlarında Qarabağda Azərbaycan Silahlı Qüvvələri və erməni silahlı birləşmələri arasında silahlı toqquşma başladı. Münaqişə Azərbaycan silahlı qüvvələrinin Rusiya Sülhməramlı Kontingentinin 10 noyabr 2020-ci il tarixli bəyanatına əsasən yerləşdirildiyi ərazilərdə aparılıdı. Azərbaycanın Müdafiə Nazirliyinin "Antiterror əməliyyatı" adı verdiyi silahlı toqquşmadan bir neçə saat əvvəl Xocavənd rayonu ərazisində mina partlayışları oldu və nəticədə Daxili İşlər Nazirliyinin polisləri də daxil olmaqla 9 nəfər həyatını itirdi. Ermənistan rəsmiləri bunu "Azərbaycanın ermənilərə qarşı təcavüzü" adlandırdı.
23 saat davam edən hərbi əməliyyatlar sentyabrın 20-də, saat 13:00-da əldə olunan razılığa əsasən dayandırıldı. Razılığa əsasən Azərbaycanın Qarabağ bölgəsində yerləşən Ermənistan silahlı qüvvələrinin birləşmələri, qeyri-qanuni erməni silahlı dəstələri silahı yerə qoymalı, döyüş mövqelərindən və hərbi postlardan çıxmalı, Ermənistan silahlı qüvvələrinin birləşmələri Azərbaycan ərazilərindən çıxmalı, qeyri-qanuni erməni silahlı dəstələri buraxılmalı, paralel formada bütün silah-sursat təhvil verilməli və bütün bu proseslər Rusiya Sülhməramlı Kontingenti ilə əlaqələndirilmiş formada aparılması təmin edilməlidir. Həmçinin sentyabrın 21-də Qarabağın erməni əhalisinin nümayəndələri ilə Yevlaxda görüşün baş tutacağı da qeyd edildi.
Hərbi əməliyyatlar zamanı regionda 400-dən çox şəxs həyatını itirdi. Rəsmi olaraq Azərbaycan Silahlı Qüvvələrinin 192 hərbi qulluqçusunu həyatını itirdi, 511 hərbi qulluqçusu isə yaralandı. Erməni silahlı dəstələrinin ölüləri barədə dəqiq say açıqlamasa da, qondarma rejimin "ombudsmanı" Geğam Stepanyan 200-dən çox hərbçinin öldüyünü bildirdi.