Alban Arşakiləri
Alban Arşakiləri – Qafqaz Albaniyasını miladi tarixlə I əsrdən 510-cu ildək idarə etmiş hökmdar sülaləsi.
== Tarixi ==
Eramızın I əsrində hakimiyyətə gələn alban arşakiləri VI əsrə kimi – "alban mütləqiyyəti Sasanilər tərəfindən ləğv olunana və ölkə Sasani canişinlərinə verilənədək" davam gətirə bildilər. Moisey Kalankatlının təqdim etdiyi siyahıda arşakilər sülaləsindən olan on alban hökmdarının adı çəkilir: "Arandan arşakilərin böyük nəslindən olan Cəsur Vaçaqanadək ötən günlərin sayı məlum deyildir. Albaniyanı idarə edən hökmdarların adları sıra üzrə belədir: I Cəsur Vaçaqan, Vaçe, Urnayr, II Vaçaqan, Mihravan, Satay, Asay, Yesuagen, Vaçe və nəhayət, III Mömin Vaçaqan". Siyahıdan aydın olur ki, Aran arşakilərdən olmayıb; görünür, Parfiya arşakilərinin bir qolu olan bu sülalənin nümayəndələri ölkədəki yerli sülaləni əvəz etmişdir.
Siyahıdan göründüyü kimi, Albaniyanın ilk arşaki hökmdarı e. I əsrində hakimiyyətə gələn I Cəsur Vaçaqan olmuşdur. Belə güman etmək olar ki, Vaçaqanın sələfləri olan yerli hökmdarlar Albaniyanın bütün vilayətlərinə sahib deyildilər. Məhz I Vaçaqan ölkəni birləşdirməyə və mərkəzləşmiş dövlət yaratmağa müvəffəq olmuşdu. Onun nə özü, nə də varisi I Vaçe haqqında başqa məlumat yoxdur.