Çoxtikanlı itburnu
Çoxtikanlı itburnu (lat. Rosa spinosissima) — bitkilər aləminin gülçiçəklilər dəstəsinin gülçiçəyikimilər fəsiləsinin i̇tburnu cinsinə aid bitki növü.
İlk dəfə Avropadan təsvir edilmişdir. Çində, Rusyada Sibirdə, İngiltərədə, Şimali-Qərbi və Cənubi Asiyada yayılmışdır.
Dik duran budaqlara malik 50-75 sm hündürlüyündə xırda kolcuqdur. Qopartikanları müxtəlifdir: nisbətən iri, düz və ya bir qədər dala doğru əyilmiş və xırda iynəşəkilli formada olur. May və iyun aylarında çiçək açır. Çiçəkləri tək-təkdir, çiçək saplağı 25-40 mm uzunluqdadır. Meyvələri kürəşəkilli və ya bir qədər dikvarı, basıqdır, yetişdikdə tünd qəhvəyi, demək olar ki, qara rəngdə olur.
Əsasən meşələrdə, qayalıqlarda, çay kənarında, subalp çəmənlərdə, dəniz səviyyəsindən 1100-2300 m hündürlükdə bitir.