Petroqlif
Petroqlif (Yunanca Petra – qaya və glyphein – oymaq) — qaya üzərində yonulmuş, cızılmış və ya boyamaqla düzəldilmiş arxeoloji rəsm sənətinə Petroqraf deyilir. Petroqlif, piktoqrafiya ilə qarışdırılmamalıdır. Petroqlifikaya aid olan ən gözəl nümunələrdən biri də Qobustan dövlət tarixi-bədii qoruğunda olan qayaüstü rəsmləridir.
Azərbaycan qayaüstü təsvir abidələri arasında ən çox rast gəlinən zoomorf təsvirlərdən biri də öküz rəsmləridir. Qobustan, Abşeron , Kəlbəcər , Gəmiqaya abidələrində xeyli sayda öküz nümunələri var ki, bunlar da dövrlərə, işlənmə texnikasına və çəkilmə məqsədlərinə görə müxtəlifdirlər. Azərbaycan ərazisi ibtidai öküzlərin yaşaması üçün əlvərişli iqlim şəraitinə, zəngin qida ehtiyatına malik olmuşdur. Bunu Abşeron yarmadasının mərkəzində, Binəqədi yaxınlığındakı bitum yataqlarında aparılan qazıntılar zamanı geoloq Ə. S. Məstanzadə tərəfindən aşkarlanan ərazinin florası və faunası haqqında zəngin materiallar təsdiq edir. Binəqədi qır yatağından tapılmış heyvan sümükləri arasında Qobustan qayalarında təsviri olan, "Məstənzadə öküzü" adlanan öküz var. Tədqiqatçıların fikrincə, "Məstənzadə öküzü" buynuzlu heyvanların əcdadı olub, əhilləşdirilmiş bu növ heyvanlar da onun törəməsidir. Ehtimal olunur ki, bir vaxtlar burda şirin su yataqları bol olmuş, vəhşi heyvanlar, həmçinin ibtidai öküzlər bura su içmək üçün gəlmiş, qırlıqda "tələyə" düşüb batıb qalmışlar.