Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Psixolinqvistika
Psixolinqvistika (psycholinguistics) – psixologiya və linqvistikanın (dilçiliyin) vəhdətindən yaranmış elm sahəsi. Linqvistika nitqin təşkilini dil qanunlarına uyğun olaraq öyrənir. Psixolinqvistika isə nitqin yaranması prosesinə, nitqin qavranmasına və doğma dillə xarici dilin necə dərk olunmasına müraciət edir. Psixolinqvistika nitqi ilk öncə psixoloji fenomen kimi öyrənən dilçilik sahəsidir. Psixolinqvistikaya görə dil danışanın və dinləyənin, yazanın və oxuyanın daxili dünyası qədər mövcud bir faktordur. Bu sahə "ölü" dilləri öyrənmir, çünki bu zaman qədim yazılarla yanaşı həmin dilləri yaradan cəmiyyətin psixi dünyası gəlib çatmayıb. Psixolinqvistikanı qismən linqvistika və qismən də psixologiya kimi qiymətləndirmək düzgün deyil. Bu, dili, nitqi öyrəndiyinə görə linqvistikaya və dili müəyyən aspektdən – psixoloji fenomen kimi öyrəndiyinə görə psixologiyaya aid olan kompleks elmdir. Psixolinqvistika təxminən 50 il bundan öncə ABŞ-də yaranmışdır. Psixolinqvistika termininin özü 1950-ci illərdə ABŞ-də artıq yaranmaqda olan yeni istiqaməti xarakterizə etmək üçün istifadə olunmuşdur.