Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Vasili Blajennı kilsəsi
Qalayanı xəndək kənarında yerləşən Müqəddəs Tanrı anasının şəfaəti kafedralı və yaxud Vasili Blajennı kilsəsi (rus. Собор Покрова Пресвятой Богородицы, что на Рву; Собор Василия Блаженного) — Moskvanın mərkəzində, Qırmızı meydanda yerləşən pravoslav kilsəsidir. Böyük İvan Zəng Qülləsi inşa edilənə kimi Moskvanın ən hündür tikilisi olan kilsə, həm də dünyanın ən məşhur memarlıq abidələrindən biridir. İlkin taxta kilsə Müqəddəs Üçlüyə həsr edildiyindən, hazırkı bina XVII əsrə kimi adətən Müqəddəs Üçlük kilsəsi adlandırılırdı; o, həm də "Yerusəlim kilsəsi" kimi tanınmışdır ki, bu da, kapellalardan birinin ithafı, həmçinin, Moskva və bütün Rusiya patriarxının Palm bazar günü Uspenskiy kafedralından bu kilsəyə "təmtəraqlı keçidlə" gəlməsi ilə əlaqədardır. Binanın tonqal alovu kimi səmaya yüksələn quruluşunun Rusiya memarlığında analoqu yoxdur. Dmitri Şvidkovski özünün "Rusiya memarlığı və Qərb" adlı əsərində qeyd edir: Kafedral XVII əsr Rusiya milli memarlığının zirvəsi hesab olunur. SSRİ-də keçirilən dövlət ateizmi siyasətinin tərkib hissəsi kimi kilsə Rusiya Ortodoks cəmiyyətindən alınmış və 1928-ci ildən Dövlət Tarix Muzeyinin tabeliyinə verilmişdir. 1929-cu ildə sekulyarizasiyası tamamilə başa çatmış bina Rusiya Federasiyasının federal mülkiyyətində qalmaqdadır. 1990-cı ildən etibarən kilsə Moskva Kremli və Qırmızı meydanın tərkib hissəsi kimi UNESCO Ümumdünya irsi siyahısına salınmışdır. Qırmızı meydanda mövqeyi və Kremlə yaxın yerləşməsinə görə kilsə bəzən səhvən Moskva Kremlinin tərkib hissəsi kimi qəbul edilir.