Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Astrofotometr
Astrofotometr — Göy cisimlərinin parlaqlığını və ya parıltısını, yaxud onlardan gələn işıq selini bir-biri ilə və süni işıq mənbəyi ilə müqayisəli ölçən fotometr. Vizual Astrofotometrdən və elektrofotometrlərdən istifadə edilir. XIX əsrin 30–40-cı illərindən tətbiq olunan vizual astrofotometr öyrənilən obyektin parlaqlığının etalonla müqayisəsinə əsaslanırdı. Etalon kimi süni işıq mənbəyi və ya parıltısı dəyişməz olan ulduz götürülür. Astrofotometrin müşahidə sahəsinə optiki daxil edilən etalon eyni zamanda tədqiq olunan obyektlə birlikdə görünür. Müqayisə iki obyektdən daha parlağının zəifləməsini ölçməklə aparılırdı. 1861-ci ildə alman astronomu Fredrik Sölnerin ixtira etdiyi polyarlaşmış astrofotometr daha çox yayılmışdı. İki işıq mənbəyinin bərabərliyinin qiymətləndirilməsində vizual astrofotometr yüksək dəqiqlik göstərmirdi: nöqtəvi cismlərin ölçülməsindəki xətalar 5–10%-ə çatırdı. XX əsrin 30-cu illərində vizual astrofotometri daha həssas elektrofotometrlər əvəz etdi. Ulduz elektrofotometri ilə öyrənilən obyektdən və etalondan gələn işıq selinə foto elementin və ya foto elektron artırıcısının fotokatodunun reaksiyası ölçülür.