Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Komparativizm
Komparativizm — XIX əsrdə mifoloji məktəbin onun elmi üsulunu və nəticələrini tənqid etməklə bu məktəbdən ayrılan bir qolu. Komparativistlərin (latınca: müqayisə deməkdir) əsas ideyası mifoloji məktəbdə əsas prinsip olan qohum xalqların folklorunun müqayisəli öyrənmək prinsipindən imtina etmək idi. Onlar qohum olmayan xalqların folklorunu öyrənməyi əsas məqsəd elan etdilər, bildirdilər ki, alim nə qədər çox ədəbi faktı tədqiqata cəlb edərsə, o qədər əsaslı elmi nəticələrə nail ola bilər. Mifoloji məktəb oxşar süjetlərin kökünü xalqların vahid kökündə görürdü. Komparativistlər isə bu kökləri hind nağıl süjetlərində tapırdılar. Ona görə ikincilər əslində müqayisə metodunu təkcə folklorun yox, bütün süjetlərin universal müqayisə elminə çevirmək istəyirdilər. Lakin komparativistlərin də əksəriyyəti folklorçu idi və onlar da ən çox xalq nağıllarının süjetləri əsasında araşdırmalar aparırdılar. Ona görə mifləri müqayisə etməkdən imtina barədə çağırışları onları mifoloji məktəbdən prinsipial şəkildə uzaqlaşdırmırdı, nağıl ilə mifin məsafəsi o qədər də çox deyildir. Komparativist analizin banisi alman alimi H.Herder sayılır. Sonralar ingilis folklorçusu C.Benfey, rus folklorçusu F.Buslayev də bu istiqamətdə fəaliyyət göstərmişlər.