Riçard Kantilyon
Riçard Kantilyon (ing. Richard Cantillon; 1670-ci illər[…] və ya 1680, Kerri[d] – 14 may 1734, London) — İrlandiya və Fransa iqtisadçısı, Uilyam Stenli Cevons tərəfindən "siyasi iqtisadiyyatın beşiyi" olaraq qəbul edilən "Ticarətin təbiəti haqqında ümumi oçerk" (fr. Essai sur la Nature du Commerce en Général) kitabının müəllifi. Kantilyonun həyatı haqqında az məlumat olsa da, gənc yaşlarından müvəffəq bir bankir və tacir olduğu məlumdur. Müvəffəqiyyəti, əsasən, ailəsi və onu ilk işə götürən Ceyms Brics vasitəsilə qurduğu siyasi və işgüzar əlaqələrin nəticəsi idi. 1710-cu illərin sonu və 1720-ci illərin əvvəllərində Kantilyon spekulyasiya etdi və daha sonra böyük sərvət əldə edəcəyi Con Loun Mississipi Company şirkətini maliyyələşdirdi, lakin müvəffəqiyyəti öldüyü 1734-cü ilə qədər borcluları tərəfindən qaldırılan məhkəmələr, cinayət ittihamları və hətta öldürmə planlarına səbəb olaraq, onu rahat qoymadı.
Oçerk Kantilyonun iqtisadiyyat elminə verdiyi yeganə töhfə olaraq qalır. Əsər 1730-cu illərdə yazılmış və geniş əlyazmalar şəklində yayılsa da, 1755-ci ilə qədər nəşr olunmamışdır. Təxmini 1770-ci illərin sonlarında Qaspar Melçor de Covellanos tərəfindən ispan dilinə tərcümə edilmiş "Ticarətin təbiəti haqqında oçerk" iqtisadiyyat üçün vacib ədəbiyyat hesab edilmişdir. Oçerk fiziokratiyanın və klassik iqtisadi məktəblərin erkən inkişafına çox böyük təsir göstərməsinə baxmayaraq, 19-cu əsrin sonlarında Cevons tərəfindən yenidən kəşf edilənə qədər diqqətdən kənar qalmışdı.