Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Verilənlərin lokallaşdırılması
Verilənlərin lokallaşdırılması və ya verilənlər rezidentliyi qanunu — bir ölkənin vətəndaşları və ya sakinləri haqqındakı verilənlərin beynəlxalq miqyasda ötürülməzdən əvvəl ölkə daxilində toplanmasını, işlənməsini və/və ya saxlanmasını tələb edir. Bu cür verilənlər adətən yalnız lokal məxfilik və ya verilənlərin mühafizəsi qanunlarına əməl etdikdən sonra ötürülür. Verilənlərin lokallaşdırılması müəyyən verilənlər növlərini verilənlər subyektlərinə və ya prosessorlarına tətbiq olunan qanunlarla tənzimləyən verilənlər suverenliyi konsepsiyasına əsaslanır. Verilənlər suverenliyi bir ölkənin vətəndaşları və ya rezidentləri haqqında qeydlərin onun şəxsi və ya maliyyə məlumatlarının emalı qanunlarına əməl etməsini tələb edə bilsə də, verilənlərin lokallaşdırılması onların ilkin mərhələdə toplanması, işlənməsi və saxlanmasının ölkə sərhədləri daxilində baş verməsini tələb etdir. Bəzi hallarda, bir ölkənin vətəndaşları və ya rezidentləri haqqında məlumatlar da məlumat subyektinin ölkəsindəki sistemlərdən silinməzdən əvvəl xarici sistemlərdən silinməlidir. Verilənlərin lokallaşdırılması istiqamətində ilk addımlardan biri 2005-ci ildə Qazaxıstan hökumətinin bütün ".kz" domenlərinin ölkə daxilində işlədilməsi ilə bağlı qanun qəbul etməsi ilə baş tutmuşdur. Bununla belə, 2013-cü ildə Edvard Snoudenin ABŞ-nin əks-terrorizm nəzarət proqramları ilə bağlı açıqlamalarından sonra verilənlərin lokallaşdırılmasına təkan xeyli artmışdır. O vaxtdan bəri Avropanın və dünyanın bir sıra hökumətləri texnologiya vasitəsilə sakinlərin məlumat axınına nəzarət etmək arzusunu ifadə etmişdilər. Bəzi hökumətlər verilənlərin lokallaşdırılması qanunlarından öz əhalisini izləmək və ya yerli iqtisadi fəallığı artırmaq üçün istifadə etməkdə ittiham olunur və bəziləri bunu açıq şəkildə etiraf etmişdir. Texnologiya şirkətləri və transmilli təşkilatlar verilənlərin lokallaşdırılması qanunlarına tez-tez qarşı çıxırlar, çünki bu qanunlar məlumat mərkəzlərinin regional birləşməsi və ölkə sərhədləri boyunca xidmətlərin birləşdirilməsi nəticəsində əldə edilən səmərəliliyə təsir göstərir.
Lokallaşdırma
Lokallaşdırma (ing. Localization) – məhsulun buraxılacağı ölkə və regionun dilinə uyğunlaşdırılması prosesi. Lokallaşdırma prosesi zamanı həmin regionun mədəni xüsusiyyətləri də nəzərə alınır. Lokallaşdırmanı bildirmək üçün ingilis dilində olan "l10" qısaltmasından istifadə olunur: "l" və "n" hərfləri "lokallaşdırma" (ing. localization) sözünün ilk və son hərflərini ifadə edir. 10 ədədi isə bu iki hərf arasındakı hərf sayını simvolizə edir. == Ədəbiyyat == İsmayıl Calallı (Sadıqov), “İnformatika terminlərinin izahlı lüğəti”, 2017, “Bakı” nəşriyyatı, 996 s.
Lokallaşdırma xidmətləri
Lokallaşdırma xidmətləri hər hansı bir məhsulun, veb-saytın və ya kontentin müəyyən region, ölkə, yaxud bazar üçün adaptasiya edilməsi prosesidir. Bu prosesə aşağıdakılar daxildir: mətnlərin tərcüməsi; hədəf seçilən bazarların tələbatına uyğunlaşmaq üçün kontentin dəyişdirilməsi; tərcümə olunan mətnin düzgün əks olunması üçün dizayn və maketin adaptasiyası; yerli tələblərə uyğunlaşmaq (məsələn, valyuta, ölçü vahidləri və s.); vaxt, ünvan və telefon nömrələrinin yerli formatlarından istifadə; yerli qanunvericilik tələblərinə və digər normalara uyğunlaşma. Lokallaşdırma işlərini həyata keçirərkən mədəni xüsusiyyətlərin nəzərə alınması mühüm əhəmiyyət kəsb edir. Reklam kampaniyasının hər bir kiçik elementi üzərində bəzən saatlarla düşünülür. Çünki kiçik bir nüans böyük bir uğursuzluğun səbəbi ola bilər. Hər hansı bir reklam mətni beynəlxalq bazara təqdim edildikdə bir çox mədəni nüansları nəzərə almaq, hər bir ölkədə onun doğuracağı reaksiyanı öncədən qiymətləndirmək lazımdır. Ona görə də dil xidmətləri göstərən şirkətlər hədəf bazarını seçərkən mədəni xüsusiyyətləri nəzərə almalı, mövcud mətnləri, yaxud digər reklam materiallarını həmin bazara uyğunlaşdırmalı, lazım gələrsə yenisini hazırlamalıdırlar. Lokallaşdırma zamanı daha bir vacib proses adların testləşdirilməsidir. Hər hansı şirkətin, məhsulun və ya xidmətin adının seçilməsi çox mühüm əhəmiyyət kəsb edir. Əlbəttə, hər hansı adın çoxdilli bazarlarda eyni məna kəsb etməsi çox yaxşı haldır.