Rəsuleyn
Rəsulayn (bəzi mənbələrdə Rəsuleyn və ya Ras-əl-Ayn; ərəb. راس العين, klass. süry. ܪܝܫ ܥܝܢܐ) və ya Səre Kaniye (kürd. Serê Kaniyê) — Suriyanın Əl-Həsəkə mühafəzəsində şəhər, eyniadlı rayonun inzibati mərkəzi.
Cəzirədə yerləşən ən qədim şəhərlərdən biri olan Rəsulaynda ən azı neolit dövründən (təqribən e.ə. VIII minillikdən) bəri məskən salınmışdır. Sonrakı dövrlərdə qədim aramilərin Sikkan, romalıların Resayna və Bizansın Feodosiopolis şəhəri olaraq tanınan Rəsulayn bir neçə dəfə məhv edilmiş və yenidən tikilmişdir. Şəhər orta əsrlərdə müxtəlif müsəlman sülalələr arasındakı qızğın döyüşlərin məkanına çevrilmişdir. 1921-ci ildə imzalanmış Ankara müqaviləsinin şərtlərinə görə, Rəsulayn Suriya (Fransa) ilə Türkiyə arasında bölünmüş, şəhərin Türkiyəyə verilən şimal hissəsi Ceyranpınar adlandırılmışdır.