Mahaçqalada yanacaqdoldurma məntəqəsində partlayış
Mahaçqalada yanacaqdoldurma stansiyasında partlayış (rus. Взрыв на АЗС в Махачкале) — Rusiya Federasiyasının Dağıstan Respublikasının paytaxtı Mahaçqala şəhərində yerləşən yanacaqdoldurma məntəqəsində 2023-cü ilin 14 avqust tarixində, yerli vaxtla axşam 21:40 radələrində baş vermiş güclü partlayış hadisəsi.
== Hadisə ==
Hadisə 2023-cü ilin 14 avqust tarixində yerli vaxtla axşam saat 21:40 radələrində, şəhərin şimal hissəsində yerləşən köhnə yanacaqoldurma məntəqəsinin inzibati ərazisində baş verib. Partlayış nəticəsində yüzdən çox insanın xəsarət aldığı qeyd olunur. Yaralılardan ən azı on nəfərin vəziyyətinin ağır olduğu bildirilir. Məlumata görə, ağır yaralıların xüsusi təyyarə ilə Moskvaya çatdırılması nəzərdə tutulub. Şahidlərin dediyinə görə, alov ərazidəki avtoservisdən yanacaqdoldurma məntəqəsinə keçib. Dağıstan başçısı Sergey Melikov bildirib ki, partlayış yanacaq məntəqəsi yaxınlığında baş verib və çənlər buna görə alışıb.
Dağıstan Yanacaqdoldurma Məntəqələri Assosiasiyasının rəhbərinin sözlərinə görə, yanacaqdoldurma məntəqəsinin yerləşdiyi küçənin qarşı tərəfində qanunsuz olaraq 35 ton trotil ekvivalentində 90–100 ton ammonyak nitrat yığılıb və nəticədə partlayışın təsiri dağıdıcı olub. Artıq gecə saatlarında yanğınsöndürənlər alovun söndürülməsinə nail olub.