Bikəs Ağayev
Bikəs Ağayev (21 fevral 1949, Bakı) — texnika üzrə fəlsəfə doktoru . AMEA-nın İnformasiya Texnologiyaları İnstitutunda şöbə müdiri.
Azərbaycanda "Elektron tullantılar" sahəsində ilk tədqiqatçılardandır 10-dan artıq ixtira və patentlərin müəllifidir. Respublikamızda ilk dəfə olaraq onun rəhbərliyi ilə lüminofor tərkibli plastmas jetonların hazırlanma texnologiyası işlənmişdir.
== Həyatı ==
Bikəs Sayıl oğlu Ağayev 1949-cu ildə, Bakıda anadan olmuşdur. 1973-cü ildə Ç. İldırım adına Politexnik İnstitutunun "Avtomatika və telemexanika" fakültəsini bitirmişdir. Təyinatla Kibernetika İnstitutu yanında Avtomatlaşdırılmış İdarəetmə Sistemləri şöbəsində əmək fəaliyyətinə başlamışdır. Texnik, mühəndis, sektor müdiri, layihənin baş mühəndisi vəzifələrində işləmişdir. 1995-ci ildən institutda şöbə müdiri vəzifəsində çalışır. Müxtəlif təyinatlı texnoloji proseslərin avtomatlaşdırılması məqsədilə informasiya texnologiyalarının müasir sxemotexnik vasitə və metodlarının tədqiqi üzrə elmi-tədqiqat işləri ilə məşğul olur.