Söyüdlü bilan məhəlləsi
Söyüdlü bilan məhəlləsi - Naxçıvan şəhərində qədim məhəllə adlarından biri.
Məhəllə adı XIX əsrin sonlarına qədər əhali arasında işlədilmiş və tədricən unudularaq yaddaşlara köçmüşdür. Əhalinin dediyinə görə Bazarçaydan çəkilən arx məhəllədən keçdiyi və arx ətrafında söyüd ağacları əkildiyinə görə bura “Söyüdlü arx” da deyilmişdir.
Mənbələrin məlumatına görə 1899-cu ildə böyük rus şairi A.S.Puşkinin anadan olmasının 100 illiyi münasibətilə Söyüdlü bilan küçəsinə onun adı verilmişdir. Küçə 1990-cı il hadisələrinə qədər A.S.Puşkinin adını daşımış, sonra küçənin bir hissəsinə İdris Məmmədov, digər hissəsinə isə Məhəmməd Əmin Rəsulzadənin adı verilmişdir. 1993-cü ildə küçənin M. Rəsulzadə adlanan hissəsi İstiqlal adı ilə əvəzlənmişdir.
Tədqiqatçıların yazdığına görə toponimin bilan hissəsi ’’ruscadakı plan sözünün təhrif olunmuş forması olub, “düz küçə” mənasında işlənir. Naxçıvanda indiki Puşkin küçəsinə Bilan deyərdilər - “Gəlin gedək bilana gəzməyə”. Toponimin mənasını “küçədəki söyüd ağaclarının çoxluğu ilə əlaqələndirirlər".
Məhəllə adının bilan komponenti qədim türk dillərində “məhəllə”, “dəhliz”, “küçə” mənasında işlənən balan//palan sözü ilə bağlıdır.