bioenerji
biofabrik
OBASTAN VİKİ
Bioetika
Bioetika — biologiya və tibb elminin, səhiyyə praktikasının ən yeni nailiyyətlərinin yaratdığı müxtəlif əxlaqi problemlərin dərki, müzakirəsi və həlli ilə bağlı fənlərarası tədqiqatlar, açıq müzakirələr və siyasi qərarlar sahəsi. "Bioetika" terminini ilk dəfə 1970-ci ildə Amerika biokimyaçısı V.R.Potter (1911–2001) işlətmişdir. O, Bioetikanı yaxın perspektivdə insanın ləyaqətli həyat keyfiyyəti ilə təmin olunması naminə onun bioloji növ kimi sağ qalması vəzifəsinin həlli üçün bioloji elmlərini etika ilə birləşdirən elmi tədqiqatlar sahəsi olaraq müəyyənləşdirmişdir. Təxminən həmin vaxtda amerikalı həkim A.Hellegers (1926–79) Bioetikanın başqa şərhini vermişdir. O, Bioetikanı yüksək texnoloji təbabətin doğurduğu əxlaqi konfliktlərin dərki və həllinin yeni üsulu kimi təqdim etmişdir. Məhz A.Hellegers ona akademik status vermiş, onun bioloji və tibb elmlərində, siyasətdə və KİV-də qəbul edilməsinə kömək etmişdir. A.Hellegersin Bioetika anlamı zaman keçdikcə üstünlük qazandı. 1960-cı illərin sonu — 1970-ci illərin əvvəllərində ABŞ-da Bioetika problemləri ilə məşğul olan ilk mərkəzlər yaradıldı. Bioetika mövcudluğunun ilk onilliyində əsasən ABŞ-da inkişaf etdi, sonra tədricən Qərbi Avropa və dünyanın digər regionlarında kök saldı. 1992 ildə bioetiklərin hər iki ildən bir ümumdünya konqresini keçirən Beynəlxalq Assosiasiyası təşkil olundu.