Milli Biotexnoloji Məlumat Mərkəzi
Milli Biotexnoloji Məlumat Mərkəzi (ing. National Center for Biotechnology Information, NCBI) — molekulyar biologiya və tibb sahələrində bir sıra önəmli məlumat bazası və kompüter proqramlarını ehtiva edən internet portalı. Bioinformatika sahəsinin ən önəmli informasiya qaynaqlarından biridir. Ən önəmli databankları GenBank, PubMed və sairədir. Molekulyar biologiya sahəsində ən çox istifadə olunan bioloji ardıcıllıqları emal etmək üçün bioinformatika proqramı olan BLAST da burada yerləşir.
NCBI ABŞ-də bioloji elmlər sahəsindəki araşdırmaların böyük bir hissəsini maliyyələşdirən Milli Sağlamlıq İnstitutları (ing. National Institutes of Health, NIH) adlı qurumun bir qolu olan Milli Tibb Kitabxanasına (ing. National Library of Medicine, NLM) tabedir. ABŞ-nin Maryland əyaləti Bethesda şəhərində yerləşir. Qurumun direktoru 1989-cu ildən məşhur bioloq və BLAST proqramının yazıçılarından biri olan David Lipmandır.