BÜTPƏRƏSTLƏR

Allahla yanaşı başqa tanrıların varlığına inanan və onlara tapınan insanlardır. Bütpərəstlər yaradanı yaradılmışdan ayrılmış, ondan uzaqlaşmış hesab edirlər. Onlara görə, Yaradanla dünya arasında əlaqəni yalnız vasitəçilər qura bilər. Bu vasitəçilər də, sayları çox olan tanrılardır( Quran, 39: 3). İslam alimlərinin çoxu başqa tanrılara tapınanları bütpərəst hesab edir və buna dəlil kimi Quranın (9: 30) ayəsini gətirirlər. İslamda bütpərəstlər ən böyük günahkarlar hesab olunurlar. Onlar bu inanclarına görə tövbə etməsələr, Allah onları əsla bağışlamaz (Quran, 4: 48). Hətta, Quranın (9: 113) ayəsinə görə Allaha bütpərəstlərin bağışlanması üçün dua etmək belə yol verilməzdir. Quran (9: 28) ayəsinə görə bütpərəstlərin Məkkədə müqəddəs məkanlardan hesab edilən Məscidül-Harama girməsi qadağan olunmuşdur. Ancaq, bu ayəni başqa cür təfsir edənlər, onların ora girməsində heç bir problemin olmadığını qeyd edirlər. Bütpərəstlərin başqa məscidlərə girmələri haqqında isə müxtəlif hökmlər vardır. Bəzi alimlər onların başqa məscidlərə girmələrini də eyni dəyərləndirmiş və bunun haram olduğunu iddia etmişlər. Bəziləri isə buna icazə verərək burada heç bir problemin olmadığını qeyd etmişlər. Müsəlmanlar özlərini bütpərəstlərə bənzətməməli, onlar kimi yaşamamalı, onların adətlərini mənimsəməməlidirlər. Müsəlman alimlərinin əksəriyyətinin fikrinə görə Allah bütpərəst olan yetkinlik yaşına çatmamış, müstəqil düşüncəsi olmayan uşaqları cəzalandırılmayacaq, onları bağışlayacaqdır (Quran, 17: 15).
BÜT
CABİR İBN ABDULLAH