Azər Bəydili
Azər Bəydili (7 fevral 1722, İsfahan, Səfəvilər – 1781, Qum, Zəndlər sülaləsi) — türkmanmənşəli Azərbaycan və İran antoloqu (təzkirəçi) və şairi. O, əsasən İran hökmdarı Kərim xan Zəndə (1751–1779) həsr etdiyi, 850-yə yaxın farsdilli şairdən ibarət "Atəşkədəyi Azər" (Azərin od məbədi) bioqrafik antologiyası ilə tanınır. Farsşünaslıq üzrə akademik Y.T.P. de Bryuin fars dilində yazılmış bu əsəri "XVIII əsrin ən mühüm farsdilli antologiyası" hesab edir. Azər erkən farsdilli poeziyanın üslub standartlarını diriltməyə çalışan "bazqəşti ədəbi" (ədəbi dönüş) hərəkatının aparıcı simalarından biri olmuşdur.
== Həyatı ==
Azər 7 fevral 1722-ci ildə Səfəvilər dövlətinin paytaxtı İsfahan şəhərində, xaos və qeyri-sabitliyin olduğu bir dövrdə anadan olmuşdur. Onun doğulduğu ildə Səfəvilər dövləti parçalanmanın son mərhələsinə qədəm qoymuş və üsyankar əfqan Hotakilər İsfahana çatmışdır. Bu səbəbdən Azər və ailəsi İsfahandan Qum şəhərinə köçmək məcburiyyətində qalmışdır; onların burada mülkləri var idi və o, 14 il burada yaşamışdır. Azərin ailəsi türkman Şamlı tayfasının Bəydili boyundan idi. Onun əcdadları və Şamlı tayfasının digər nümayəndələri XV əsrdə, Əmir Teymurun hakimiyyətinin son illərində Suriyadan İrana köçərək İsfahanda məskunlaşmış, burada İran hökmdarlarına xidmət etmişlər. Azərin bir çox qohumu Səfəvilər dövlətinin son illərində və sonrakı Nadir şah hakimiyyəti dövründə (1736–1747-ci illərdə hakimiyyətdə olmuşdur) görkəmli diplomat və bürokrat olmuşdur.