Erməni cırhavucu
Erməni cırhavucu (lat. Pastinaca armena) — bitkilər aləminin çətirçiçəklilər dəstəsinin çətirkimilər fəsiləsinin cır havuc cinsinə aid bitki növü.
== Qısa morfoloji təsviri ==
Çoxillik, qısa tükcüklü bitkidir. Gövdəsi düz, budaqlanan, hündürlüyü (14) 30–50 sm-dir. Kökətrafı və aşağı gövdə ətrafı yarpaqlar saplaqlı, lələkvari bölümlü, bölümləri enli yumurtavari, iti və ya küt dişli, yuxarı bölüm adətən dərin üçbölümlü; yuxarı yarpaqlar oturaq, bölümləri qismən daha bölümlü, ən yuxarı yarpaqlar sapvari bölümlüdür. Ləçəkləri sarı rənglidir. Meyvələri çılpaq və ya zəif tüklü, enli ovalvari, 5–6 mm uzunluqda, 4–5 mm enindədir.
== Yayılması ==
Böyük Qafqazın qərbində və şərqində, Quba rayonu ərazisində orta dağ qurşağından alp qurşağına kimi yayılmışdır. Çəmənlərdə və dağ meşə kənarında bitir.