Pink Armenia
Çəhrayı Ermənistan (erm. Փինք Հայաստան; ing. Pink Armenia) – Ermənistanda LGBTQIA+ hüquqlarını müdafiə edən ilk qeyri-hökumət təşkilatı. "Çəhrayı Ermənistan" 2007-ci ildə yaradılmış və qərargahı İrəvanda yerləşir. Təşkilatın məqsədi Ermənistandakı lezbiyan, gey, biseksual, transgender fərdlərə dəstək olmaq, onların hüquqlarını müdafiə etmək, ölkədə LGBT məsələləri ilə bağlı ictimai fikri dəyişməkdir.
"Çəhrayı Ermənistan" LGBT icmasının üzvləri üçün müxtəlif proqramlar və kampaniyalar təşkil edir. Təşkilatın xidmətlərinə təcili hüquqi yardım, sosial yardım, ailə dəstəyi, təcili vəziyyətlərdə kömək, psixoloji dəstək daxildir. Təşkilat cinsi sağlamlıq, insan hüquqlarının qorunması, ayrı-seçkiliyə qarşı mübarizə, bərabərlik və müxtəlifliyi müdafiə etmə, gender məsələlərini təbliğ etmə üzrə fəaliyyət göstərən yerli və beynəlxalq təşkilatlarla əməkdaşlıq edir. "Çəhrayı Ermənistan"ın hazırkı direktoru Mamikon Hovsepyandır. Təşkilatın trans məsələri üzrə ixtisaslaşmış "Sağ tərəf" təşkilatı ilə yaxın əlaqələri var.