Rubia tinctorum var. culta
Adi boyaqotu (lat. Rubia tinctorum) — bitkilər aləminin acıçiçəklilər dəstəsinin boyaqotukimilər fəsiləsinin boyaqotu cinsinə aid bitki növü.
Vyetnam, eləcə də Avropanın cənub-şərqindən Himalaya qədər yayılmışdır. Azərbaycanda Böyük Qafqaz (Quba), Abşeron, Kür-Araz ovalığı, Naxçıvanın düzənlik və dağlıq ərazilərində, Lənkəran ovalığında, ümumiyyətlə, ovalıq və dağlarda orta dağ qurşağına qədər yayılmışdır.
Hündürlüyü 80-100 sm-ə qədər olan çoxillik ot bitkisidir. Kökümsovları oduncağabənzər olub, uzundur, qalınlığı 1,5 sm-ə qədərdir, zoğ vermir; kökləri çoxbudaqlanan, oduncağabənzərdir və qırmızımtıl-qonur rəngli soyulan qabığı vardır. Gövdəsi qismən düzduran və ya yuxarı hissəsi dırmaşan, qonşu bitkilərə sarmaşandır, çox qısa qabarıq tüklərlə örtülmüş, bəzən çılpaq, yalnız buğumlarda tükcüklüdür, dördtillidir, qalınlaşmış tillərlə üzüaşağı qatlanmış tikanlar yerləşmişdir.
Çoxillk ot bitkisi olub, az və ya çox dərəcədə tüklü, güclü kök sisteminə malik, torpağın dərinliyinə qədər üfqi xətt boyunca gedə bilən kökümsovlardan ibarətdir. Gövdəsi budaqlanan, zəncir halqasına bənzər, dördtilli, kənar hüdudu boyunca tikanlı nahamar olub, uzunluğu 2 m-ə qədərdir. Buğumarası qısa yarpaqlar arasında yerləşir.