Elamlar
Elamlar — Elam dövlətinin əsasını qoyan tayfa birliyi.
== Ərazisi ==
Bəşər sivilizasiyasının qədim mərkəzlərindən olan Elam İranın cənubunda geniş bir ərazini əhatə edirdi. Karun və Kerha çayları arasındakı münbit düzənlik antik dövrdə Suziana, Luristandakı dağlıq massiv isə Elimaida adlanırdı. Suziana münbit və məhsuldar torpaqlara malik olmuşdur. Suziana düzənliyi hər tərəfdən dağ silsiləsi ilə əhatə olunmuşdur. Şimal qərbdə Puşti kuh dağ silsiləsi uzanır. Bu dağlar Kərha çayı vadisini İkiçayarasından təcrid edirdi. Dağ silsiləsinin son zirvəsi Kəbirkuh adlanır. Kəbirkuhdan başqa şimal-şərqə uca sıldırım dağ uzanır və İran ərazisini İkiçayarasından ayırır. Burada müasir Luristan vilayəti yerləşir.