Saab JAS 39 Gripen
Saab JAS 39 Gripen — İsveçin Saab aerokosmik şirkəti tərəfindən istehsal olunmuş yüngül, tək mühərrikli, çoxməqsədli döyüş təyyarəsi. İsveç HHQ-də Saab 35 Draken və Saab 37 Viggen qırıcılarını əvəz etmək məqsədilə hazırlanıb. Güc təminatçısı Volvo RM12, maksimum sürəti isə 2 Machdır. Son modifikasiyası NATO standartlarına uyğun hazırlanıb və havada yanacaqdoldurma qabiliyyətinə sahibdir.
1979-cu ildə İsveç hökuməti silahlanmada olan Saab 35 Draken və 37 Viggen təyyarələrini əvəz etmək məqsədilə qırıcı, hücum və kəşfiyyat məqsədləri daşıyan döyüş təyyarəsi istehsal etmək qərarına gəldi. “Saab” şirkəti tərəfindən yeni dizayn kimi JAS 39 seçildi və bu təyyarə ilk uçuşunu 1988-ci ildə həyata keçirdi. Sınaq uçuşları ərzində baş vermiş iki qəzadan sonra şirkət bu qırıcının uçuşa nəzarət sistemində müəyyən dəyişikliklər etdi və yalnız bundan sonra “Qripen” təyyarələri 1996-cı ildə İsveç Hərbi Hava Qüvvələrinin silahlanmasına qəbul olundu. Müasir avionika ilə təchiz olunan və daha çox havada qalma müddətinə sahib olan növbəti variantlar 2003-cü ildə xidmətə qəbul edildi.
Bu döyüş təyyarəsinin beynəlxalq silah bazarına daha effektli şəkildə daxil olmasını təmin etmək məqsədilə “Saab” şirkəti bir çox başqa aviakosmik şirkətlərlə razılaşma imzaladı. Bu cür əməkdaşlıqlardan birinə misal olaraq 2001-ci ildə “Saab” şirkəti ilə Böyük Britaniyanın “BAE Systems” şirkəti arasında imzalanan birgə tərəfdaşlıq haqqında müqaviləni göstərmək mümkündür.