Engelbert Hamperdink
Engelbert Hamperdink (ing. Engelbert Humperdinck, ilk adı Arnold Corc Dorsi, ing. Arnold George Dorsey; 2 may 1936, Çennai, Britaniya Hindistanı) — britaniyalı estrada müğənnisi. 1960-cı illərin ikinci yarısında və 1970-ci illərdə "Release Me (And Let Me Love Again)", "After the Lovin'" və "The Last Waltz" ("The Last Waltz with You") hitləri ilə məşhurluq qazanmışdır. 2012-ci ildə 57-ci Avroviziya Mahnı Müsabiqəsində Böyük Britaniyanı təmsil etmişdir.
== Həyat və yaradıcılığı ==
Hindistanın Mədrəs şəhərində Britaniya ordusunun zabiti Mervin Dorsi və onun həyat yoldaşı Oliviyanın ailəsində dünyaya gəlmişdir. Ailədə on uşaqdan biri olmuşdur. 10 yaşında ikən ailəsi İngiltərənin Lester şəhərinə köçür və qısa müddət sonra o musiqiyə maraq göstərərək saksofonda ifa etməyi öyrənir. 1950-ci illərin əvvəllərində gecə klublarında bu musiqi alətində ifa edir, lakin 17 yaşınadək, dostlarının onu oxumağa məcbur etməsinədək oxumağa cəhd etmir. Onun komik aktyor Cerri Lüisə olan sevgisi dostlarının onu Cerri Dorsi adlandırmasına səbəb olur.