HİDROMETRİYA
su obyektlərinin rejimini, mayenin hərəkət və xüsusiyyətlərini xarakterizə edən kəmiyyətlərin təyini üçün üsullar toplusu.
Hidrologiya elminin bir hissəsidir. Burada əsas etibarilə su mənbələrinin rejiminə aid elementlər öyrənilir. «Hidrometriya» yunan sözü olub, «hidro»-su, «metreo»-ölçmə deməkdir.
Su mənbələrinin növlərindən asılı olaraq hidrometriya elmi üç hissəyə bölünür:
1. Atmosfer sularının hidrometriyası (yağıntı, buxarlanma və s.).
2. Səth sularının hidrometriyası- okean və dənizlərin, quru sularının (çay, göl, su anbarları və s.) hidrometriyası.
3. Yeraltı suların hidrometriyası.
Qeyd edilən hidrometriya növlərindən əsaslı şəkildə öyrənilən və ölçmə işlərində geniş tətbiq olunan çay və dəniz sularının hidrometriyası hesab olunur.
Hidrometriyanın əsas vəzifələri aşağıdakılardır:
1. su mənbələrinin rejiminə dair elementlərin öyrənilməsi üçün üsul və cihazların hazırlanması;
2. su mənbələrinin hidroloji rejiminin müntəzəm öyrənilməsi.
Vahid dövlət fondu olan suyun keyfiyyətcə və kəmiyyətcə öyrənilməsi böyük əhəmiyyət kəsb edir. Aparılan hidrometrik ölçmə məlumatları əsasında mühüm xalq təsərrüfatı əhəmiyyətli məsələlər həll olunur. Su mənbələri rejiminə dair məlumatlar layihə-axtarış, istismar və elmi-tədqiqat işlərində geniş istifadə edilir.