İQBAL MƏHƏMMƏD
(1289/1873 – 1357/1938) filosof-şair, maarifçi, reformist və ictimai xadim olmuşdur. O, Pəncabın Siyalkot şəhərində doğulmuş, erkən yaşlarından elmə maraq göstərmiş, Quranı öyrənmiş, mədrəsədə dini elmlər üzrə təhsil almışdır.
Sonra Lahorda təhsilini davam etdirmişdir.
Burada o, müxtəlif elmləri öyrənmiş, poeziyaya meyl göstərmişdir. Məktəbi bitirdikdən sonra isə ingilis dilini və fəlsəfəni öyrətməyə başlamışdır. 1322/1905-ci ildə Məhəmməd İqbal İngiltərənin Kembric universitetinin fəlsəfə və iqtisadiyyat fakültələrində təhsilini davam etdirmişdir.
Londonda ərəb ədəbiyyatından dərs demişdir. Sonra 1325/1908-ci ildə Almaniyaya gedib, orada artıq istedadlı şair kimi tanınaraq vətəni olan Hindistana qayıtmış, burada qısa bir müddət Lahorun dövlət məktəblərinin birində ərəb ədəbiyyatından dərs demişdir. Sonra ingilislərin müstəmləkəçi siyasətinə qarşı çıxaraq vəzifəsindən istefa etmiş, özəl məktəblərdə müəllimlik işini davam etdirmişdir. Bundan sonra o, ingilis müstəmləkəçiliyinə qarşı mübarizəyə qoşulmuşdur. O, müsəlmanların daha çox yaşadığı şimal vilayətlərinin Hindistandan ayrılması, orada Pakistan dövlətinin qurulması ideyası ilə çıxış edənlərdən biri olmuşdur.
O, 1351/1932-ci ildə Londonda bu məsələ ilə bağlı konfransda çıxış etmişdir. 357/1938-ci ildə uzun sürən xəstəlikdən sonra vəfat etmişdir. Pakistan dövləti isə onun ölümündən sonra qurulmuşdur.
Məhəmməd İqbalın fəlsəfi baxışları daha çox onun poeziyası və bəzi başqa əsərlərində əks olunmuşdur. O hesab edirdi ki, bütün insanlara xoşbəxtlik gətirə bilən ideya yalnız İslam dinidir. Bu din möhkəm ideoloji, eləcə də əxlaqi dayaqlar üzərində durduğundan məhv edilə bilməz. Əsərlərində müsəlmanları İslam irsini öyrənməyə, Məhəmməd peyğəmbərin göstərdiyi yolu getməyə çağırmışdır.
Məhəmməd İqbala görə hər bir cəmiyyət və fərd Allahı düşünərək yaşamalıdır. Bu yolda günahlardan çəkinmək və cihad etmək lazımdır. Onun fikrincə böyük nailiyyətlər əldə etmələrinə baxmayaraq avropalıların həyat tərzi mənəviyyatsızdır, çünki onların mədəniyyətləri yalnız maddi dəyərlər üzərində qurulmuşdur.
Məhəmməd İqbal başqa müsəlman mütəfəkkirləri kimi hesab edirdi ki, müsəlman xalqlarının geriliyi bəzi müsəlman təriqətlərinin fəaliyyəti ilə bağlıdır. O, onları ilkin İslam dəyərlərindən uzaqlaşmaqda, peyğəmbər və onun səhabələrinin göstərdiyi yoldan yayınmaqda, dinə bidətlər gətirməkdə ittiham etmişdir. Bununla yanaşı o, din xadimlərinin ehkamçılığına qarşı çıxış edərək, müsəlmanları müasir həyata uyğunlaşmağa, elmi və texniki biliklərə yiyələnməyə çağırmışdır.