İqliməuyğunlaşma
İqliməuyğunlaşma — orqanizmlərin yeni həyat şəraitinə uyğunlaşması. İki cür iqliməuyğunlaşma ayırd edilir:
orqanizmlərin maddələr mübadiləsinin dəyişməsi ilə gedən uyğunlaşma;
növün genetik quruluşunun dəyişilməsi ilə gedən uyğunlaşma.
İqliməuyğunlaşma populyasiya genofondunun zənginliyi ilə müəyyən olunur. İqliməuyğunlaşma mədəni bitkilərin və heyvanların arasında aparıldıqda süni iqliməuyğunlaşma, yabanı bitkilərin və vəhşi heyvanların növləri arasında (heyvanların miqrasiyası, bitkilərin insan, heyvan, külək və s. vasitəsilə təsadüfən başqa sahələrə aparılması) baş verdikdə isə təbii iqliməuyğunlaşma hesab olunur. İqliməuyğunlaşmanın öyrənilməsi və inkişafında Ç.Darvinin böyük rolu olmuşdur. İqliməuyğunlaşma təlimini İ.V.Miçurin və M.F.İvanov inkişaf etdirmişdir. Bitkilərdə iqliməuyğunlaşma həmişə arealın genişlənməsinə səbəb olur. Azərbaycannda Amerika aqavası, palmanın bir neçə növü, Şimali Amerika ağ akasiyası, atşabalıdı, yapon stifnolobiumu və s. bitkilər iqlimə uyğunlaşdırılmışdır.