Qlobal istiləşmə
İqlim dəyişikliyi — həm insanlardan qaynaqlanan emissiyanın səbəb olduğu istixana qazlarının hərəkətə gətirdiyi qlobal istiləşməni, həm də bunun nəticəsində hava modellərində özünü göstərən böyükölçülü dəyişiklikləri əhatə edir. Əvvəlki dövrlərdə də iqlim dəyişiklikləri olmasına baxmayaraq, 20-ci əsrin ortalarından bəri insanlar Yer kürəsinin iqlim sisteminə misli görünməmiş dərəcədə təsir göstərmiş və qlobal miqyasda dəyişikliklərə səbəb olmuşdur.
İstiləşmənin ən əsas hərəkətverici qüvvəsi 90%-dən çoxu karbon qazı (CO2) və metandan ibarət olan istixana qazlarının emissiyasıdır. Bu emissiyaların əsas mənbəyi enerji istehlakı üçün təbii yanacaqların (kömür, neft və qaz) yandırılması olsa da, bunda kənd təsərrüfatının, ağacların kəsilməsinin və sənaye proseslərinin də rolu var. Milli və ya beynəlxalq arenada tanınan heç bir qurum iqlim dəyişikliyindəki insan faktoruna qarşı çıxmır. İqlim dəyişikliyinə verilən reaksiyalar – günəşi əks etdirən qar və buz örtüyünün yox olması, artmış su buxarı (istixana qazının özü) və quru və okeandakı karbon uducularda baş verən dəyişikliklər – temperatur artımını sürətləndirir və ya yavaşıdır.
Qurudakı temperatur artımı qlobal orta artımın təxminən iki qatına bərabərdir, bu da öz növbəsində səhraların ekspansiyasına (genişlənməsinə), isti hava dalğalarının və meşə yanğınlarının artmasına səbəb olur. Artan buxarlanma göstəriciləri daha güclü fırtınalara və ekstremal hava şəraitinə gətirib çıxarır. Temperatur artımı Arktikada amflikasiya olur, bu da permafrostun əriməsinə, buzlaqların geri çəkilməsinə və dəniz buzlarının yoxa çıxmasına təkan verir. Əlavə istilik həmçinin tətikləyici kritik faktorlar riskini də artırır.