KAFİRLƏR
Allahın varlığı və birliyinə inanmayan insanlardır. Quranın 109-cu surəsi “Kafirun” (kafirlər) adlanır. Müsəlmanlar Allahın varlığına, birliyinə və Onun sifətlərinə, göndərdiyi peyğəmbərlərə, cənnət və cəhənnəmə, axirətə inanmayanları kafir adlandırarlar. Hesab olunur ki, kafirlər həyatın mənasını yalnız bu dünya ilə əlaqələndirirlər. Bunlardan başqa, bəzi fəqihlər insanların bəzi qruplarını da kafir hesab edirlər. Məsələn, Əbu Hənifə Allahın sifətlərinin əbədiliyini inkar, onların zaman içində yarandığını iddia edənləri də kafir hesab etmişdir. Bəzi ilahiyyatçılar Allahdan ümidini üzən, pessimizmə qapananları da kafir sayırdılar. Buna bu Quran (12: 87) ayəsini dəlil kimi gətirirlər. İcmaya görə Quranın hər hansı bir ayəsini və ya hökmünü inkar edənlər, Qurandan hər hansı bir ayəni vəhy hesab etməyən insanlar da kafir hesab edilirlər (Quran, 2: 85).