Eiserner Kanzler
Otto Eduard Leopold fon Bismark-Şönhauzen (alm. Otto Eduard Leopold von Bismarck-Schönhausen; 1 aprel 1815[…], Şönhauzen, Prussiya – 30 iyul 1898[…]) — alman dövlət xadimi və XIX əsr dünya siyasətinə ciddi təsir etmiş şəxs. 1862–1890-cı illərdə Prussiyanın əvvəlcə nazir-prezidenti (alm. Ministerpräsident) olmuş, sonra isə kansleri kimi Almaniyanın birləşdirilməsi məsələsi ilə məşğul olmuşdur.
1867-ci ildə Şimali Alman İttifaqının, 1871-ci ildə isə birləşmiş Almaniya İmperiyasının ilk kansleri olmuş və yeni dövlətin möhkəmlənməsi üçün mühüm işlər görmüşdür. Bismark Şönhauzen qrafı, Lauenburq hersoqu, Bismark şahzadəsi titullarını daşımış, general-feldmarşal statusunda general-polkovnik rütbəsinə layiq görülmüşdür. Sərt diplomatiyası və güclü idarəçiliyinə görə ona "dəmir kansler" ləqəbi vermişdilər.
== Həyatı ==
=== Uşaqlığı ===
Otto fon Bismark 1815-ci il aprel ayının 1-də Berlindən qərbdə yerləşən Prussiya əyaləti olan Brandenburqda yerləşən Şönhauzendə (indiki Saksoniya-Anhalt torpağı) Karl Vilhelm Ferdinand fon Bismark (1771–1845) və Vilhelmina Luiza Menkenin (1790–1839) kiçik zadəgan ailəsində dünyaya gəlmişdir. Ailənin ikinci oğlan uşağı olan Otto öz uşaqlıq illərinin ilk vaxtlarını Hinterpommerndə Nauqard şəhərində keçirmişdir.
Atası Karl Vilhelm Ferdinand fon Bismark mülkiyyətçi və Prussiya ordusunun keçmiş zabiti, anası Luiza Menke Berlin hökumətində yüksəkvəzifəli məmurun qızı idi.