Kassitlər
Kassitlər — Cənubi Azərbaycanda və Luristanda məskunlaşmış qədim maldar tayfaları. Kassitlər özlərini "kaşşu" adlandırırmışlar. Mənbələrdə kassitlərin adı ilk dəfə e.ə. XXIII əsrdə çəkilir. Mənbələrdə kassitlərin məskunlaşdığı ərazi "Kaşşen" adlanır. Bir sıra Azərbaycan tarixçiləri hesab edirlər ki, antik müəlliflərin kaspiləri kassitlərlə qohumdurlar.
Azərbaycan türklərinin etnogenezində mühüm rol oynamış türkmənşəli tayfalardan biri də kassilərdir (kaslar). Lakin Azərbaycanda yaşamış digər prototürk etnoslar kimi kassilər (kaslar) də uzun müddət tarixşünaslıqda elamdilli və ya hürridilli kimi tanınmışlar. Onların e.ə. V əsrdən adı çəkilən kaspilərlə qohumluğu güman edilir və yalnız elam dilində cəm bildirən "-p" şəkilçisinə görə kaspiləri elamdilli hesab edirdilər.