Anselm Kenterberili
Anselm Kenterberili (təq. 1033, Aosta – 21 aprel 1109 və ya 28 aprel 1109, Kenterberi, Kent qraflığı) — teoloq, filosof və xristian ilahiyyatçı, erkən sxolastikanın Avqustin cərəyanı nümayəndəsi.
== Həyatı ==
A. Kenterberili 1060-cı ildə rahibliyi qəbul etmiş, 1063-cü ildə prior, 1078-ci ildə abbat seçilmişdir. 1093-1109-cu illərdə Kenterberi arxiyepiskopu olmuşdur. Kilsənin İngiltərə krallarından müstəqilliyi uğrunda mübarizə aparmışdır.
== Fəlsəfi görüşləri ==
A. Kenterberilinin teoloji və fəlsəfi görüşlərinə Avqustinin təsiri olmuşdur. Hər iki alim orta əsrlər realizminin nümayəndələri idi. A. Kenterberiliyə görə, inam şüurdan əvvəldir ("inanıram, başa düşmək üçün"); şüur dialektikanın köməyi ilə dini müddəalarda mövcud olan həqiqəti üzə çıxarmalı, aydınlaşdırmalıdır. Şüurun ən mühüm vəzifəsi Allahın varlığını sübut etməkdir. Hər varlıq müəyyən kamillik dərəcəsinə malikdir və bu cəhəti o, ən kamil olan Allahdan almışdır.