Konfusizm
Konfusiçilik (Çincə: 儒學, köhnə 儒学) — Çində dini-etik təlim.
Konfusiçilik Çində e.ə. V–VI əsrlərdə yaranıb. O, ən qədim fəlsəfi sistemlərdən və daosizm və buddizmlə birlikdə üç əsas dini-etik təlimdən biri hesab edilir. Çin imperiyasının müəyyən tarixi məqamlarında isə konfusiçilik əsas din, rəsmi dövlət ideologiyası funksiyasını oynayıb. Onların ön plana çəkdiyi və ciddi-cəhdlə tətbiq etdiyi sosial etika cəmiyyət hüdudlarında fərdin mənəvi kamillyinə yönələrək qədimiliyin nüfuzu ilə təqdis edilən ciddi müəyyənləşdirilmiş normalar çərçivəsində, mahiyyət etibarilə, digər dinlərin də əsasında duran mistikaya, bəzən isə hətta ekstaza bürünmüş kortəbii etiqadın ekvivalenti idi.
Din olmasa da, konfusiçilik sözün əsl mənasında az qala dindən də güclüdür. Konfusiçilik həm siyasi, həm inzibati sistem, həm də iqtisadi və sosial proseslərin əsas tənzimləyicisi, bir sözlə, Çin həyat tərzinin özülü idi.
2000 ildən çox bir müddətdə konfusiçilik çinlilərin ağıl və duyğularının formalaşmasına, onların inanclarına, psixologiyalarına, düşüncələrinə, davranışlarına və məişətlərinə ciddi təsir etdi. Bu mənada konfusiçilik dünyanın geniş yayılmış dinlərinin heç birindən geri qalmır.