Kornet Rəhim ağa Dilbazov
Kornet Rəhim ağa Hüseyn ağa oğlu Dilbazov — Əlahəzrət İmperatorun konvoyda Kornet rütbəsində xidmət etmişdir.
== Həyatı ==
1842-ci ildə Qazax qəzası Xanlıqlar kəndində anadan olmuşdur. Türkcə təhsili olmuşdur (rusca da bilirmiş). Əlahəzrət İmperatorun konvoyda kornet rütbəsində xidmət etmişdir. Kornet — Çar Rusiyası ordusunda kavaleriyada əsilzadələr üçün ilkin zabit rütbəsi idi. Xidmət dövründə "Əlahəzrət imperatorun konvoyunda xidmətə görə" medalı almışdır. Xidmətdən tərxis olunması aldığı xəsarətlə bağlı imiş Kornet ağa xidmətdən tərxis olduqdan sonra Qazax qəzasında ona mülk sahəsi ayrılmış və o zamanlar planlı şəkildə salınan bu qəza mərkəzinin 2-ci məhəlləsinin 10 nömrəli sahəsində özünə imarət tikdirmək qərarına gəlmişdir. AR Dövlət Tarix Arxivində sənədlərə əsasən, imarətin layihəsi Yelizavetpol Quberniya İdarəsi tikinti şöbəsinin 20 oktyabr 1882-ci il tarixli 183 saylı protokoluna əsasən, tikinti işi 3 il müddətinə, yəni 20 oktyabr 1885-ci ildə qədər başa çatmalı idi və bu müddətə başa çatırılmışdır. Hazırda bu bina Qazax şəhərində qalmaqdadır. Kornet Rəhim ağanın məzarı Xanlıqlarda Babadərviş qəbristanlığındadır.