Kuprit
Kuprit – Cu2O - Kubik sinqoniya. Rast gəlmə tezliyi şkalası: tez-tez rast gələn
== Xassələri ==
Rəng – müxtəlif çalarlı qırmızıdan göyümtül-qurğuşunu - bozadək; Mineralın cizgisinin rəngi – qəhvəyi-qırmızı, qırmızı; Parıltı – almaz, yarımmetal parıltısından tutqun parıltıyadək; Şəffaflıq – nazik qırıntıları yarımşəffafdır, şəffaf kristalları nadir tapılır; Sıxlıq – 5,85-6,15; Sərtlik – 3,5-4; Kövrəkdir; Ayrılma – {111} üzrə aydın; Sınıqlar – qeyri-düzgün, qabıqlı; Morfologiya – kristallar: oktaedrik, rombododekaedrik, heksaedrik; Mineral aqreqatları: sıx, dənəvər, torpaqvari, tükşəkilli (xalkotrixit) əmələgəlmələr, püruzlar, bəzən druzalar.
== Mənşəyi və yayılması ==
Ekzogen mənşəlidir. Mis sulfidlərinin aşınma məhsulu kimi filiz yataqlarının oksidləşmə zonası və xüsusilə sementləşmə zonası üçün səciyyəvidir. Mineralın tapıntıları bəzi çökmə süxurlarda – əhəngdaşlarında, dolomitlərdə və b. qeyd edilir. Birlikdə rast gəldiyi minerallar: sərbəst mis, malaxit, azurit, xalkozin, xalkantit, broşantit və b. Mineralın tapıldığı yerlər: Şessi (Fransa); Qumeşev, Turyin, Mednorudyanski (Rusiya); Cezkazqan (Qazaxıstan); Sumeb (Namibiya); Çukikamata (Çili); Bisbi (ABŞ). Azərbaycanda Katsdağ, Filizçay, Cixix-Saqator, Gədəbəy, Ağdərə yataqlarında, Çıraqdərə-Toğanalı filiz sahəsi obyektlərində, Balaca - və Böyük Qoşqaçay hövzələrində və b. qeyd edilir.