KÜBRAVİLƏR

süfi təriqətlərindən birinin davamçılarıdırlar. Təriqətin adı Nəcməddin Kübra (540/1145 – 618/1221) ilə bağlıdır. O, Xarəzmdə doğulmuş, erkən yaşlarından dini elmləri öyrənmişdir. Mənəviyyat yolçuluğuna Misirdə Əbu Nəcib Sührəvərdinin tələbəsi olmuş şeyx Ruzbihan Misrinin rəhbərliyi altında başlamışdır. Təbrizə köçdükdən sonra onun müəllimi tanınmış sufi Baba Fərəc Təbrizi olmuşdur. Sonra isə Nəcməddin Kübra öz təriqətini yaratmış, Gürgəncdə sufi təkkəsi qurmuşdur. O, çoxlu sayda tanınmış sufilər yetişdirmişdir. Monqollar Gürgənci ələ keçirdəndə Nəcməddin qətlə yetirilmişdir. O, ərəb və fars dillərində yazmış olduğu bir çox əsərlərin müəllifidir. Nəcməddin Kübra digər sufi şeyxləri kimi Allaha yaxınlaşma yollarını göstərmişdir. Bu yol mürşidinin göstərişlərinə tabe olmaqdan, ibadətləri yerinə yetirmək və zikr etməkdən keçir. O, həmçinin abidliyi, tərkidünyalığı, inzivaya çəkilməyi təbliğ edirdi. Onun davamçıları olan kübravilər özlərinin mənəvi təcrübələrində rənglərin müxtəlif çalarlarına və onların ahəngdarlığına böyük önəm vermişdişlər. Kubraviliyin mənəvi varislik silsiləsi Əli ibn Əbu Talibə qədər yüksəlir. Bu təriqətdən ələvi təriqəti olan nurbəxşilər və zəhəbilər ayrılmışdılar. Kübravilik Orta Asiyada geniş yayılmışdır. Kübraviliyin davamçıları günümüzdə Özbəkistanda yaşamaqdadırlar. Kübraviliyin vahid bir mərkəzi yoxdur.
KORDOVA XİLAFƏTİ
KÜFR