Kımız
İçki növünün adıdır. Südün turşudulması yolu ilə hasil edilir. Hazırda bu söz qazax dilində işlənməkdədir. Mahmud Kaşğari yazır ki, kımız qısraq südü tuluqda saxlanaraq turşudulur, sonra içilir. (1, 370)
M. Kaşğari eyni zamanda söz birləşməsi modelində olan və “turş alma” anlamında işlənən “kımız almıla” ifadəsini də qeydə almışdır. (1, 370)
Azərbaycan dilinin Ağdam şivəsində kımız sözü qımız (q-k əvəzlənməsi) şəklində hazırda işlənməkdədir. Dilimizin şivələrində bu sözün omonimliyi də müşahidə edilməkdədir. Belə ki, Ağdam şivəsində bu söz “turş” anlamında, Şərur şivəsində isə “mürəkkəb” (Qaba qımız tök) mənasında işlənir.(2, 327)
S. Altaylı lüğətində bu sözü “kumıs” formasında qeydə almış və “at südündən hazırlanan içki” mənasında izah etmişdir (21, 799)
Kımız sözü Türkiyə, Azərbaycan, başqırd, qazax, qırğız, özbək, tatar, uyğur dillərində heç fonetik dəyişikliyə uğramadan işlədilir. (33, 474-475) Bu söz rus dilində kumıs şəklində işlənir ki, fikrimizcə, rus dilinə bu söz türk dilindən keçmişdir.