Ladislav Kubala
Ladislav Kubala (slovak. Ladislav Kubala; 10 iyun 1927, Budapeşt – 17 may 2002, Barselona, İspaniya) ― Macarıstan, Çexoslovakiya və İspaniya futbolçusu və futbol məşqçisi. “Ferentsvaroş”, “Bratislava”, “Vaşaş”, “Barselona” (məhz burada böyük uğurlar və şöhrət qazanmışdır) və “Espanyol” kimi klublardakı çıxışları ilə məşhurdur. Futbol tarixinin ən yaxşı oyunçularından biri sayılır (Beynəlxalq Futbol Tarixi və Statistikaları Federasiyasına görə 20-ci əsrdə dünyanın ən yaxşı futbolçuları siyahısında 32-ci yeri aldı və Avropada yüzilliyin ən yaxşı oyunçuları siyahısında 24-26 yerləri paylaşdı) . Kubala dəqiq ötürmə vermək, əla driblinq və cərimə zərbələrini məharətlə yerinə yetirmək kimi oyun keyfiyyətlərinə sahib idi. 1999-cu ildə “Barselona” klubunun 100 illiyi qeyd olunarkən azarkeşlər arasında keçirilmiş sorğuya əsasən, Kubala “mavi-tünd qırmızı”lıların şərəfini qorumuş ən yaxşı oyunçu seçildi. Futbolçu karyerasını başa vurduqdan sonra məşqçiliyə başladı. İki dəfə "Barselona"nın məşqçisi təyin edildi, İspaniya milli komandasını çalışdırdı, 1992 oyunlarında İspaniya Olimpiya komandasının məşqçilər heyətinin bir hissəsi oldu.