Hüququn mənbələri
Hüququn mənbələri — Hüququn ifadə formalarıdır. Hüquq nəzəriyyəsində hüququn əsasən aşağıdakı mənbələri fərqləndirilir: normativ-hüquqi aktlar, sanksiyalaşdırılmış adətlər, normativ müqavilələr, məhkəmə presedentləri, dini normalar, hüquqi doktrina və s.
== Normativ-hüquqi aktlar ==
Normativ hüquqi aktlar tənzimlənməsi Konstitusiya ilə, qanunla və ya fərmanla dövlət orqanının səlahiyyətlərinə aid edilən məsələlər üzrə həmin dövlət orqanı tərəfindən və ya referendum yolu ilə qəbul edilmiş, hamı üçün məcburi davranış qaydalarını əks etdirən, qeyri-müəyyən subyektlər dairəsi üçün və dəfələrlə tətbiq olunmaq üçün nəzərdə tutulmuş müəyyən formalı rəsmi sənəddir.
== Sanksiyalaşdırılmış adətlər ==
Sanksiyalaşdırılmış adətlər hüququn ilkin və ən qədim mənbəyidir. Hüquqi adətlər ictimai münasibətlərin tənzimlənməsi üçün sosial, iqtisadi, mənəvi, dini, siyasi və.s faktorların təsiri ilə formalaşır. Sonradan demək olarkı, bütün hüquqi adətləri hüquq normaları şəklinə salınır. Müasir dövrdə bəzi dövlətlərdə əsasən mülki hüquq sahəsində hüquqi adətlər praktikada tətbiq edilir.
== Normativ müqavilələr ==
Normativ müqavilə konkret subyektlər arasında bağlanan və məcburi xarakterli normaları müəyyən edən, qarşılıqlı münasibətlərin tənzimlənməsində istifadə edilən müqavilələrdir. Normativ müqavilələr həm beynəlxalq (beynəlxalq müqavilələr) və həmçinin ölkədaxili ola bilər. Buna misal olaraq, Rusiya Federasiyasında Federasiya ilə Federasiya subyektləri (Tatarıstan və.s) arasında bağlanan müqavilələri göstərmək olar.