İftixar Piriyev
İftixar Fərhad oğlu Piriyev (7 sentyabr 1960, Düzəyrəm, Kaxetiya) — Azərbaycan teatr və kino aktyoru, teatr rejissoru və ssenaristi, İrəvan Dövlət Azərbaycan Dram Teatrının direktoru (2000-ci ildən), Azərbaycan Respublikasının əməkdar mədəniyyət işçisi (2007).
İftixar Piriyev 1960-cı ildə Gürcüstan Respublikasının Qaraçöp mahalında (Saqareco rayonu, Düzəyrəm kəndi) anadan olub. 1977-ci ildə Qaraçöpdə orta məktəbi bitirib. Həmin ildən keçmiş M. A. Əliyev, indiki Ə. Hüseynzadə adına Mədəniyyət və İncəsənət universitetinin dram və kino aktyorluğu fakültəsinə qəbul olunub.
İ. Piriyev 1981-ci ildə Dövlət İncəsənət Universitetinin "Dram və Kino aktyorluğu" fakültəsini bitirmişdir. Elə həmin ildən Akademik Milli Dram Teatrında aktyor kimi fəaliyyətə başlamışdır. Burada o, müxtəlif səpgili və xarakterli 30-dan çox obraz yaratmışdır.
İ. Piriyevin Akademik Teatrın səhnəsində yaratdığı Edqar (V. Şekspir, "Kral Lir"), Əlibəy (S. Vurğun, "Vaqif"), Niftalı (V. Səmədoğlu, "Yayda qartopu oyunu"), Vəliqulu (Anar, "Sizi deyib gəlmişəm"), Əkbər, Xəzər (N. Xəzri, "Mirzə Şəfi Vazeh", "Gecə döyülən qapılar"), Bayandur (İ. Əfəndiyev, "Büllur sarayda"), bədii film və televiziya tamaşalarında Sərvər (Ə. Əylisli, "Ürək yaman şeydir"), Əsgər (S. Budaqlı, "Közərən evin işıqları"), Əbdül (Ə. Hacızadə, "İtkin gəlin"), Vədad (R. N. Güntəkin, "Dodaqdan qəlbə"), Aslan (B. Vahabzadə, "Yağışdan sonra"), Nofəl (A. Rəhimov, "Canavar balası"), Şef (A. Rəhimov, "Qırmızı qar") kimi obrazlar aktyorun yaradıcılıq bioqrafiyasını təşkil edir.
O, müxtəlif ədəbi-bədii verilişlərdə çıxış etmiş, "Ozan" folklor toplusunun aparıcısı olmuşdur.
İ. Piriyev 1990-cı ildə özəl Azərbaycan Milli "Dastan" Teatrını yaratmış, onun direktoru və bədii rəhbəri kimi fəaliyyət göstərmişdir.