Merovinqlər Frank Dövləti
Merovinqlər – Frank dövlətində ilk kral sülaləsi (751 ilədək). Əfsanəvi banisi Meroveydir, sülalənin adı buradandır. Əsas nümayəndələri: Xilderik (457-481), I Xlodviq (481-511), I Xilperik (561-584), I Sigebert (561-575), II Xlotar (584-629, Neystriyada 613 ilə qədər), I Daqobert (629-639), III Xilderik (743-751). I Daqobertin "Tənbəl krallar" adlanmış varislərinin dövründə dövləti əslində mayordomlar idarə edirdi.
486-cı ildə Şimali Qalliyada frank istilası nəticəsində Frank dövləti meydana gəldi. Bu dövlətin başında salik franklarının başçısı, əfsanəvi Meroveyin(dənizdən törəyən) nəslindən olan(Merovinqlər sülaləsi adını buradan götürür)Xlodviq(486-511)dururdu. Frank dövlətinin tarixi 5 əsrin sonundan 7 əsrin sonuna qədərki dövrünü əhatə edən, adətən Merovinqlər dövrü adlanan birinci dövrü belə başladı. Merovinqlər sülaləsinin üçüncü nümayəndəsi olan Xlodviq böyük qoşun toplayır və keçmiş romalı maqnat Siaqrini darmadağın edərək, Suassonu və, Luara çayı daxil, bütün Şimali Qalliyanı zəbt edir. Öz hakimiyətini möhkəmləndirmək və xristian ruhanilərinin dəstəyini qazanmaq üçün 496 ildə Xlodviq öz qoşunu və yaxınları ilə birlikdə xristianlıqı qəbul edir. Xlodviqin dövründə Akvitaniya(507), onun xələfləri zamanında Burqundiya(534) istila olundu; ostqotlar frankların xeyrinə Provansdan əl çəkdilər(536).