Şərq meyvəyeyəni
Şərq meyvəyeyəni (lat. Grapholita molesta) — heyvanlar aləminin buğumayaqlılar tipinin həşəratlar sinfinin pulcuqluqanadlılar dəstəsinin yarpaqbükənlər fəsiləsinin meyvəyeyən cinsinə aid heyvan növü.
Şərq meyvəyeyəninin kəpənəyinin qanadlarının açılmış halda ölçüsü 12-14 mm olmaqla rəngi bozumtul-qonurdur. Ön qanadlarının qabaq kənarlarında dırnaq şəkilli 7 cüt ağ ləkə, arxa kənarlarında isə 7 cüt qara ləkə vardır. Arxa qanadları bozumtul qonur olmaqla, bürünc kimi parlaqdır, saçaqlı haşiyələrlə örtülüdür. Bığcıqları sapvaridir, üzərində nazik nəzərə çarpacaq dərəcədə halqalar vardır. Qarıncığın alt tərəfi ağ rəngdə, üst tərəfi isə boz-qonur rəngdədir. Yumurtaları oval şəkildə olub, uzunluğu 0,4-0,5 mm, eni isə 0,15 mm-dir. İlk əvvəl ağ rəngdə olan yumurtalar 2-3 gündən sonra çəhrayı-narıncı rəngə çalır. Tırtılı birinci yaşda ağımtıl-süd rəngində, 4-5-ci yaşda isə çəhrayı ağımtıl rəngdə olmaqla uzunluğu 11 mm-dir.